Əxbari alimləri ilə tanışlıq (11)
17:00 - November 29, 2016
1
Xəbər sayı: 3481066
Şeyx Əbdəli Hüvəyzi mühəddis, müfəssir, şair və fəqih olmaqla yanaşı, həm də 11-ci hicri-qəməri əsrinin ən tünd və mütəəssib əxbarilərindən biri idi...

Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər. Şiə aləmində bu alimlərə "əxbarilər” deyildi.

Əxbarilər ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytarmaqları idi.

Biz bu silsilə yazılarımızda sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik.

Şeyx Əbdəli ibn Cümə Ərusi Hüvəyzi (vf. 1097 hq.-dən öncə)

Şeyx Əbdəli Hüvəyzi İranın Hüveyzə şəhərində anadan olub. Sonradan Şiraza köçərək orada məskunlaşıb.

Şeyx Hürr Amuli "Əməlul-Amul" (c.2, s154) kitabını yazarkən (1097 hq) onun tərcümeyi-halında yazır: "alim, fazil və fəqih idi - كان عالماً فاضلًا فقيهاً ". Onun haqqında keçmiş zaman felindən istifadə etməsindən məlum olur ki, Şeyx Hürr Amuli öz kitabını yazdığı il, yəni 1097-ci hicri-qəməri ilində Şeyx Əbdəli Hüvəyzi artıq dünyadan köçmüşdür və həyatda deyildir. Buna görə də Seyid Haşim Məhəllatinin "Nurus-səqəleyn" təfsirinə yazdığı "təliqə"də onun vəfat tarixini 1112-ci hq. yazması doğru deyildir - ("Təbəqatu-ə`lamuş-şiə", 5/332).

Şeyx Əbdəli Hüvəyzi mühəddis, müfəssir, şair və fəqih olmaqla yanaşı, həm də 11-ci hicri-qəməri əsrinin ən tünd və mütəəssib əxbarilərindən biri idi – ("Ə`yanuş-şiə", c.12, s.40, n: 7945; "Əz-Zəriə", 24/365, n:1967; "Əməlul-Amul", c2, s.154, n:449; "Rövzatul-Cənnat", 4/2, n:381).

Bəzilərinin dediyinə görə Hüvəyzi qədim alimlərin öz kitablarında "qil" (deyilib) ilə gələn və məchul şəxslərə nisbət verilən hədislərə də əməl edirdi və deyirdi ki, "qil"dən məqsəd İmam Zamandır (ə.f) ki, bu sözü şiələrin arasında yayıb. O (ə.f) bu sözü mübhəmlik pərdəsindən saxlayıb ki, alimlər xəta sözə və yanlış rəyə icma etməsinlər – ("Əl-Ənarun-Nömaniyyə", 2/46; "Mənbəul-Həyat", s.25; "Rövzatul-Cənnat", 4/215).

Onun şagirdlərinin ən məşhuru Seyid Nemətullah Cəzayiri (vf. 1112 hq) olmuşdur – ("Mosuətu Təbəqatul-Füqəha", 11/152% "əl-İcazətul-Kəbir", s.80; "əl-Fəvaid ər-Rəzəviyyə", s.237).

Yadigar irs olaraq qoyub gedtiyi əsərlərin ən yaxşısı və əhəmiyyətlisi isə "Nurus-Səqəleyn" təfsiridir ki, son illərdə 5 cilddə çap edilmişdir. O, bu təfsirdə Quran ayələrini təkcə məsumlardan (ə) rəvayət olunan hədislər əsasında təfsir etmişdir. Qeyri-məsumdan rəvayət nəql etməyib və həmçinin ayələrdəki mübhəm sözlərin, cümlə tərkiblərinin və qiraət növlərinin barəsində heç bir rəy irəli sürməmişdir – ("Əməlul-Amul", 2/154; "əl-İcazətul-Kəbir", s.35; "Reyhanətul-Ədəb", 4/124).

Mərhum Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbai (r.ə) bu təfsiri çox dəyərli bir təfsir hesab etmiş və müəllifin hədisləri dəqiq tərtib ilə yazmasını tərif etmişdir – (Nurus-Səqəleyn", c.1, s2. - Əllamə Təbatəbainin müqəddiməsi).

İbrahim Behişti, "Əxbarigəri, tarix və əqaid", s.130.

Hazırladı: Mirməhəmməd Bəşir


Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Hüseyn
0
0
Çox gözeldir. Sağ olun.
Ad:
E-poçt:
* Comment: