IQNA

23:32 - September 10, 2018
Xəbər sayı: 3483828
“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi (ə) gülərüz görməzdi, o, daim matəm və hüzn içində olardı.

Məhərrəm ayının birinci gününün əməlləriİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): “Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi (ə) gülərüz görməzdi. O həzrət daim matəm və hüzn içində olardı.

Məhərrəm ayının 1-ci günü hicri-qəməri tarixinin ilk günüdür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:

1. Oruc tutmaq;

İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Məhərrəm ayında bir gün oruc tutan şəxsə otuz günün orucunun savabı verilər.”

Əli ibn İbrahim öz atasından, o da Rəyyan ibn Şəbibdən belə nəql edir: Məhərrəm ayının birinci günü imam Rzanın (ə) hüzuruna getmişdim. Həzrət mənə buyurdu: “Ey Şəbibin oğlu! Bu gün oruc tutubsanmı?” Dedim: “Xeyr!” Həzrət buyurdu: “Bu gün elə bir gündür ki, Zəkəriyya peyğəmbər Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak övlad əta et ki, həqiqətən, Sən duanı eşidənsən.” Allah-Taala Zəkəriyya peyğəmbərin duasını qəbul etdi. O, ibadət mehrabında namaz qılıb, raz-niyazla məşğul olarkən mələklər ona müraciət edib dedilər: “Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir.”

“Ey Şəbibin oğlu! Hər hər kim bu günü (Məhərrəm ayının birinci günü) oruc tutub Allahdan istək və hacətlərini diləsə, Allah-Taala Zəkəriyyanın duasını qəbul etdiyi kimi, onun da istək və hacətlərini qəbul edər.”

Sonra imam Rza (ə) buyurdu: “Məhərrəm bir aydır ki, keçmişdə cahillik dövrünün insanları bu aya ehtiram edərək döyüşü tərk edir, hətta onu haram bilirdilər. Amma bu ümmət bu ayın, eləcə də, öz Peyğəmbərinin (s) ehtiramını saxlamadılar. Bu ayda onun övladını qətlə yetirdilər, əhli-əyalını və qadınlarını əsir tutdular, onların xeymələrinə od vurdular. Allah onları heç zaman bağışlamasın! Ey Şəbibin oğlu! Əgər birinə ağlamaq istəsən, Hüseyn ibn Əliyə (ə) ağla...!” (“Amalul-vaizin”, Seyid İbrahim Hüseyni Leylabi, 2-ci cild, səh. 32-33.)

2. İmam Rzadan(ə) nəql olunur ki, İslam Peyğəmbəri (s) Məhərrəm ayının ilk günü iki rükət namaz qılar və namazdan sonra əllərini göyə qaldırıb üç dəfə bu duanı oxuyardı:

اللَّهُمَّ أَنْتَ الْإِلَهُ الْقَدِيمُ وَ هَذِهِ سَنَةٌ جَدِيدَةٌ فَأَسْأَلُكَ فِيهَا الْعِصْمَةَ مِنَ الشَّيْطَانِ وَ الْقُوَّةَ عَلَى هَذِهِ النَّفْسِ الْأَمَّارَةِ بِالسُّوءِ وَ الاشْتِغَالَ بِمَا يُقَرِّبُنِي إِلَيْكَ يَا كَرِيمُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا عِمَادَ مَنْ لا عِمَادَ لَهُ يَا ذَخِيرَةَ مَنْ لا ذَخِيرَةَ لَهُ يَا حِرْزَ مَنْ لا حِرْزَ لَهُ يَا غِيَاثَ مَنْ لا غِيَاثَ لَهُ يَا سَنَدَ مَنْ لا سَنَدَ لَهُ يَا كَنْزَ مَنْ لا كَنْزَ لَهُ يَا حَسَنَ الْبَلاءِ يَا عَظِيمَ الرَّجَاءِ يَا عِزَّ الضُّعَفَاءِ يَا مُنْقِذَ الْغَرْقَى يَا مُنْجِيَ الْهَلْكَى يَا مُنْعِمُ يَا مُجْمِلُ يَا مُفْضِلُ يَا مُحْسِنُ أَنْتَ الَّذِي سَجَدَ لَكَ سَوَادُ اللَّيْلِ وَ نُورُ النَّهَارِ وَ ضَوْءُ الْقَمَرِ وَ شُعَاعُ الشَّمْسِ وَ دَوِيُّ الْمَاءِ وَ حَفِيفُ الشَّجَرِ يَا اللَّهُ لا شَرِيكَ لَكَ اللَّهُمَّ اجْعَلْنَا خَيْرا مِمَّا يَظُنُّونَ وَ اغْفِرْ لَنَا مَا لا يَعْلَمُونَ وَ لا تُؤَاخِذْنَا بِمَا يَقُولُونَ حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَ مَا يَذَّكَّرُ إِلا أُولُوا الْأَلْبَابِ رَبَّنَا لا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ

Əllahummə əntəl ilahul qədim, və hazihi sənətun cədidəh, fəəs`əlukə fihəl ismətə minəş şəytan, vəl quvvətə əla hazihin nəfsil əmmarəti bis sui vəl iştiğal, bima yuqərribuni iləykə ya kərim, ya zəl cəlali vəl ikram, ya imadə mən la imadə ləh, ya zəxirətə mən la zəxirətə ləh, ya hirzə mən la hirzə ləh, ya ğiyasə mən la ğiyasə ləhu ya sənədə mən la sənədə ləh, ya kənzə mən la kənzə ləh, ya həsənəl bəlai ya əzimər rəca, ya izzəz zuəfai ya munqizəl ğərqa, ya munciəl həlka, ya mun`imu ya mucmilu ya muhsin, əntəlləzi səcədə ləkə səvadul ləyli və nurun nəhari və zəv`ul qəməri və şuauş-şəmsi və dəviyyul ma, və həfifuş şəcəri ya Əllahu la şərikə lək, Əllahumməc`əlna xəyrən mimma yəzunnun, vəğfir ləna ma la yə`ləmun, və la tuaxizna bima yəqulun, həsbiyəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim, amənna bihi kullu min indi rəbbina, və ma yəzzəkkəru illa ulul əlbab, rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna, və həb ləna min lədunkə rəhməh, innəkə əntəl vəhhab.

İlahi, əzəli məbud Sənsən və bu da yeni ildir! Bu yeni ildə Səndən istəyirəm ki, məni şeytandan qoruyasan, daim günah və pisliklərə əmr edən bu nəfsə qüvvət verib məni Sənə yaxınlaşdıran əməllərlə məşğul edəsən, ey kərim Allah, ey calal və kəramət sahibi, ey çarəsizlərin dayağı, ey ehtiyatı olmayanların ehtiyatı, ey pənahı olmayanların pənahı, ey fəryada yetəni olmayanların fəryadına yetən, ey dayağı olmayanların dayağı, ey xəzinəsi olmayanların xəzinəsi, ey imtahanı gözəl olan, ey böyük ümid yeri, ey gücsüzləri ucaldan, ey boğulanlara nicat verən, ey həlak olanları xilas edən, ey nemət verən, ey gözəllik verən, ey artıran, ey yaxşılıq edən! Sən elə bir məbudsan ki, gecənin qaranlığı, gündüzün aydınlığı, ayın işığı, günəşin şüası, suyun şırıltısı və ağacların xışıltısı Sənə səcdə etdi. Ey Allah, Sənin şərikin yoxdur! İlahi, bizi insanların güman etdiklərindən yaxşı qərar ver, onların bilmədikləri pisliklərimizi bağışla və bizi onların dedikləri əsasında cəzalandırma! Allah bizə bəs edər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir. Mən Ona iman gətirmişəm və hə nə varsa, Rəbbimiz tərəfindəndir. Bunu ancaq ağıllı adamlar dərk edərlər! Ey Rəbbimiz, bizi hidayət etdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma, bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət və nemət) bəxş edənsən!

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Məhərrəm ayının əməlləri” bölümü.)

Rza Şükürlü (Maide.Az)

 
Ad:
E-poçt:
* Comment: