İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "deccanherald" informasiya portalına istinadla verdiyi xəbərə görə, Hindistanın Carxand (Jharkhand) əyalətinin Rançi şəhərinin məhkəməsi İslam dini və müsəlmanlar əleyhinə paylaşım edən xanım barəsində analoqsuz qərar çıxarıb.
Riça Baharati adında 19 yaşlı xanım sosial mediada İslam və müsəlmanlar əleyhinə xoşagəlməz sözlər yazdığı üçün müsəlmanlar onu məhkəməyə şikayət ediblər.
Əyalət məhkəməsi şikayətin ardınca Riça Baharatini keçən həftənin Şənbə günü (14 İyul 2019) həbs edərək cəzalandırıb.
Məhkəmə 19 yaşlı bu xanım barəsində indiyədək analoqu olmayan hökm çıxararaq onu "5 cild Quran hədiyyə etmək"lə məhkum edib.
Bu hökmə görə Riça Baharati 15 gün ərzində bir cild Qurani-Kərim Rançi şəhərinin İslam Komitəsi Birliyinə və digər dörd cild Quranı da bu şəhərin məktəb və universitetlərinin kitabxanalarına hədiyyə etməlidir.
Yerli medianın məlumatına əsasən, bəzi Hindu təşkilatları Raçi Baharatinin həbsinə və bu cür cəzalandırılmasına etiraz ediblər.
Qeyd edək ki, son illərdə Hindistanda bəzi radikal hindular tərəfindən müsəlmanlar əleyhinə zorakı hərəkətlər çoxalıb.